XƏBƏRLƏR

EFFE Nişanı - Nəsimi Festivalına

11/08/2019

Bu ilin əvvəlində Nəsimi Festivalı EFA-Avropa Festival Birliyinə daxil oldu, bu günlərdə isə  EFFE (Europe for Festivals, Festivals for Europe) üzrə  Beynəlxalq Münsiflər Heyəti və EFFE Hubs-ın qərarı ilə Nəsimi Festivalı Avropanın diqqətəlayiq keyfiyyət markası olan ‘EFFE Label 2019-2020’ alması barədə xəbər aldıq. Bu mükafat incəsənət festivallarının bu sahəyə verdiyi töhfə, ictimaiyyətin iştirakı və beynəlxalq əlaqələr üçün açıq olmasına görə təqdim olunur.
Bu nişan festival dünyasında beynəlxalq mütəxəssislər tərəfindən qiymətləndirildikdən sonra verilir. Mükafata layiq görülmüş festivallar 10 keyfiyyət standartlarından minimum 7-nə cavab verməlidir – həmin meyarlar arasında tutarlı və yaradıcı bədii proqram təqdim etmək, öz proqramlarında gələcəyin yenilikçi sənətkarlarını dəvət etmək və ya onlar üçün imkanlar yaratmaq, mədəniyyətə maraq oyatmaq və müxtəlif auditoriyaları cəlb etmək, dinləyici və sənətkarlar üçün mədəniyyətlərarası təcrübənin formalaşdırılmasına, təşviq və təbliğinə dəstək olmaq, inklusivliyi əsas prinsip və təcrübə kimi yaymaq və s.